Hansısa nəfəslik lazımdır, adamlar nəyəsə ümid etməlidirlər

Kitablar müxtəlifdir. İdeyaları da , janrları da, təəssüratları da, yaşatdıqları da…
Bu kitab məndə şimşək çaxmasına bənzər bir təsir buraxdı…
Sanki alov çəmbərinin ortasındayam, yanımda suyla dolu vedrə var, istəsəm əlimi atıb alovu söndürərəm…
Ancaq bacarmıram…
Kitabı oxumaq hekayəm də bir az buna bənzəyir. Bəzi kitablar var ki, tez bitsin istəməzsən, aramla dadına vararaq oxuyarsan. Bəzi kitablar da var ki, sadəcə oxuyarsan, bəzi kitablar var ki, maraqla və acgözlüklə oxuyub bitirməyə can atarsan.
Ancaq Tatar çölünü mən heç birinə aid edə bilmədim. Onun mənə yaşatdığı duyğuları, qoyduğu izləri sözlərlə ifadə edə biləcəyəm? Bilmirəm…
Oxuduğum zaman elə hiss edirdim ki, məni bir qəfəsə salıblar. Maraqlısı da o oldu ki, mən o qəfəsdən çıxmaq istəmirdim. Həm kitab bitsin istəyirdim, həm də yox…
Bilirsiz niyə?
Ömrümün sonunacan o Tatar çölündə qalmaqdan qorxurdum. Bəhanələrimin arxasına gizlənərək gecikdirdiyim arzuların boş olduğunu görməkdən qorxurdum. Ümidlərin kölgəsinə sığınan həyatımın əslində böyük bir “heç” olmadığına şübhə etməkdən qorxurdum. Həyatı ədalətsizdir, yoxsa, bizmi kor ???
Bilmirəm…
Həyat rəngarəng göyqurşağı tək bizi ağuşuna səsləyirsə, niyə biz onu görməzdən gəlirik? Niyə həmişə biz harasa, nəyəsə, kiməsə gecikirik? Zamanın zalım qatarı dayanmadan gedirsə, axı niyə biz o qatara can atmırıq?Səssizcə ötüb keçməsini seyr edirik.
Droqo da bələcə ömrünün otuz ilini o qalada keçirdi. Arzusunda oldugu xəyalların gerçək olacağı ümidi ile otuz ilinin külünü küləyə beləcə verdi. Yalnızca dörd aylığına gəldiyi qalada bütün həyatını keçirdi. Onu da, yoldaşlarını da bu qalada qalmağa vadar edən nə idi? Bu qalanın əsrarəngiz cazibəsi nədə idi? Niyə onlar hər gün müharibə olacağı ümidindən yapışaraq aylarını, illərini, cavanlıqlarını gözlərini qırpmadan qurban verə bilirdilər?Axı, insan ömrü bu qədər ucuzdurmu? Hər işıqlanan ümid qığılcımı onlar üçün həyat demək idi. Ancaq niyə hər o qığılcım sönəndə vazkeçmirdilər? Bu əsər göründüyü kimi daha çox suallarla yadımda qaldı. Cavabı olmayan suallarla…
İnsan bəzən o arzularının hərisi olur. Bu istək bəzən elə güclü olur ki, zehnimizi elə keçirərək bizi gerçəklikdən uzaq arzulara sövq edir. Bastiani qalasındakı diri ölülər üçün bu heç də qeyri-adi deyildi. Onlar balaca bir vəhşi atı döyüş atına, yolçəkən işçiləri hücüm edən düşmənə asanlıqla bənzədə bilir və bu uydurduqlarına birlikdə inanırdılar. Niyə?
Çünki başqa çarələri yox idi. O qalada yeganə yenilik, yeganə ümid “müharibə” idi. Onlar yuxularında özlərini qəhrəmanlıq edərkən, döyüşdə mübarizə apararkən, düşmənlərə çarpışarkən görürdülər. Öz yaratdıqları bu dünyanı yıxa biləcək hər şeyi qətiyyətlə rədd edirdilər. Bəs, görəsən sonda onlar arzusunda olduqları müharibəni görə biləcəklərmi?
Qalib gəlmək bir yana, o müharibədə həlak ola bilğcəklərmi? Ümmumiyyətlə, o müharibə baş tutacaqmı?
Əgər oxumağa ürəyiniz tab gətirsə, bunları özünüz biləcəksiniz. Bu əsər son günlərdə onsuz da qarışmış fikilərimi zəlzələ sonrası xarabalığa döndərdi.
Bu kitabdan nə öyrəndiyimi deməkdə çətinlik çəkirəm. Bir tək onu deyə bilərəm ki, kitabı bitirdikdən sonra bir anlıq durub özümə nəzər saldım. Dərs ala bildim?
Deyə bilmərəm. Bunu yəqin ki, zaman göstərəcək. (mən də atıram zamanın boynuna)
Bu kitabı hamıya tövsiyə etmirəm. Çünki Tatar çölünü oxumağa, oxuyub onu həqiqətən hiss edib anlamağa güclü, ürəkli oxucu lazımdır.
Busattinin axıcı dili, sadə üslubu, təsvirlərin canlılığı oxucunu təsirdə saxlamağı bacarır. Xüsusilə də Bastiani qalasının və Tatar çölünün təsviri insanın gözləri önündə canlı tablo kimi aydınlaşır. Bəlkə də əsərin uğuru məhz bundadır. Heç bir tarixi fakta söykənməsə də, o müharibəni oxucu səbirsizlikə gözləyir, nə qədər təxəyyülə əsaslansa da, oxucunu inandıra bilirsə demək ki, yazıçı işinin ödəsindən gələ bilir .
Sonda demək istəyirəm ki, həyatınız dəyərlidir. Zamanın qədrini yaxşı bilin. Onun əllərinizin arasından uçub getməsinə tamaşaçı olmayın. Addım atmaqdan nələrisə dəyişməkdən qorxmayın. Yoxsa, ömrünüz boyu o qalaya məhkum olarsınız…
Ümidin insana necə gərəkli olduğunu pafosla ifadə bir çox fikirlə qarşılaşmışam. Lakin bu əsərdə ümid haqqında bir cümlə mənə bütün oxuduqlarımı unutdurdu.”Yuxarıda adamlar yəqin ki, sürgündə olduqları kimi yaşayırlar. Hansısa nəfəslik lazımdır, adamlar nəyəsə ümid etməlidirlər”photostudio_1566069509274.jpg
Nəfəsliklə nəfəs almağa adət edib həqiqi, tər-təmiz havanı içinizə çəkməkdən məhrum etməyin özünüzü….

 

Ələkbərova Aygün

Bir şərh yazın

Kateqoriysı Ana Səhifə

Toz dənəciyində gizlənən qatil…

 

IMG_20181221_135120.jpg

Dedektiv yazıçı Ceyhun Hidayətlinin sayca üçüncü kitabı olan “Bəyaz Şeytan” kreativ tərtibati ilə fərqlənir. Müəllif Azərbaycan kitab indrustriyasinda bir ilkə imza atıb. Belə ki, “Bəyaz Şeytan”nın 152-ci səhifəsindən sonrakı vərəqləri kilidlə mühafizə olunur. Kilidi açmaq üçün kitabın ilk fəslindəki gizlənən şifrəni tapmaq lazımdır. Lakin bu şifrəni tapmaq o qədər də asan deyil. Bunun üçün siz, sadə karandaşla nüsxəsi çıxarılan məktubun hər hansı bir cümləsi ilə şifrə arasındakı məntiqi əlaqəni qurmalı və həmin cümləni 3 rəqəmlə ifadə etməyə çalışmalısınız. Bəs, görəsən, heç bir riyazi işarədən istifadə edilmədən yazılan məktubdan bu şifrəni necə əldə etmək olar? Bu yerdə “Bir Qalanın sirri” filmindəki o məşhur səhnəni yada salmasaq olmaz. Şablon kimi xatırladığımız bu dialoq elmin, biliyin və kitabın önəmini vurğulayırdı. Məhz bu ideyaya xidmət edən bu kilid oxucunu maraq və həyəcanda saxlamağı uğurla bacarıb. Ona yaxınlaşdıqca şifrə haqqındakı fərziyələrin içində itib-batırsan. Tapa bilməmək qorxusu ilə qarışıq gizli bir həzz də duyursan. Yazıçının da dediyi kimi, özünü azca da olsa, dedektiv kimi hiss edə bilirsən.

Cinayət hadisəsi İstanbulda bir oteldə baş verir. Melvin Lovato adlı amerikalı turist Milli Kəşfiyyat İdarəsi tərəfindən izlənməkdədir. Çünki, onun terror təşkilatı ilə əlaqədə olduğu güman edilir. Turistin müəmmalı ölümündən sonra Milli Kəşfiyyat idarəsinin başçısı Aykut Gürmen bu cinayəti törədən qatili tapmaq üçün dedektiv Kənan Orucova müraciət edir. Kənan əvvəlcə işi qəbul etmək istəməsə də, terrorist dəstə ilə əlaqəsini öyrənəndə düşünmədən razılaşır. Melvin turist dəstəsi və tur rəhbəri ilə birlikdə hər gün davamlı olaraq şəhəri gəzdiyi üçün ilkin şübhələr dəstə üzvləri üzərində cəmlənir. Ancaq kim Melvinin öldürülməsində maraqlı ola bilər?

Tur rəhbəri cənab Dalen onu niyə öldürmək istəsin?

Bəs, keçmiş kəşfiyyatçı Harris, necə?

Evli cütliüklər Brenda və Kleo, ya da, Zhang ve Lin qatil ola bilərmi?

İki yaxın rəfiqə Sofia və Lana Melvinə sui-qəsd təşkil edəcək qədər cəsarətli ola bilərmi?

Kitabın başlanğıcında verilən proloq vicdan məhfumunu təsirli bir şəkildə soğulayır. Əsərin önəmli bir səhnələrində təsirli cümlələrlə əksini tapır və kitabın ideyası ilə səsləşir.

“-Əgər heç kim səni istəmirsə, mən nə edə bilərəm?
-Bax o balaca övladının qəlbinə qoy məni. Bəlkə, o, məni saxlayar qəlbində, böyüdər və insanların arasına mənimlə çıxmaqdan utanmaz.
Vicdanın dediyi kimi etdi qadın, onu övladının qəlbinə yerləşdirdi. Balaca böyüdükcə vicdan da onunla birlikdə böyüdü və bir gün bəşəriyyətin qəlbində yer alacağı günü səbirlə gözləməyə başladı”

Kitabın maraqlı tərəflərindən biri də budur ki, oxucu qatili axtarmaqla yanaşı, cinayət qurbanı olan Melvinin terror təşkilatına göndərdiyi şifrəni də tapmalıdır. Terroristlərin planına görə Dubayın ən hündür binası olan “Bürc Xəlifə” və onun yanında yerləşən “Dubay Mall” partladılacaq. Bu partlayışa əngəl olmaq üçün sözügedən şifrəni tapmaq və qurğunu deaktiv etmək lazımdır. Bəs, bu qurğu hardadır? Onun koordinatlarını necə tapmaq olar? Əgər, siz Erkül Puaro kimi, Şerlok Holms kimi, Kənan Orucov kimi düşünməyi bacarsanız onunla birlikdə şifrəni tapıb kitabın ikinci hissəsinin kilidini açmağa müvəffəq olacaqsınız.

Bu qədər qüsursuz bir cinayətin üstünü sadəcə “bəyaz toz dənəcikləri” vasitəsilə açmağı bacaran Kənan Orucovun analitik qabiliyyətinə bir daha heyran oldum. Sarsıdıcı məqamlarla, olduğu kimi görünməyən münasibətlərlə, gizli həqiqətlərlə dolu “Bəyaz Şeytan” oxucuların fikirlərini qarışdıracaq, müşahidə bacarıqlarını şübhə altına salacaq kitablardandır.

“Uşağın simasında içində qopan fırtına öz əksini tapmışdı. Hazırda daxilində iki böyük qüvvə çarpışırdı, nəfsi və qüruru. Onları yeməyi çox istəsə də, özünə sığışdırmırdı. Böyük tərəddüd içərisində olan balaca, baxışlarını yerdəki o üç alçaya dikmişdi. Alçalardan biri nataraz addımlayan kök bir qadının ayaqları altında qalaraq əzildi. Uşaq bundan sonra, sanki yuxudan ayılıbmış kimi qaçıb babasının yanında oturdu. Qüruru nəfsinə qalib gəlməyi bacarmışdı”

Bütün fikrimi qatili tapmağa cəmlədiyim bir vaxtda bu səhnə ilə qarşılaşmaq məni çox təsirləndirdi. Sanki marafonda qaçdığın anda gizli bir pəncərə açılır və oxucu başqa bir aləmə ayaq basır. Dedektiv kitablarda belə “pəncərə”lər əsərin bədii təsirini artırır və ona rəngarənglik qazandırır. Növbəti kitablarında belə səhnələrdən daha çox olmasını ümid edirem. Ceyhun Hidayətlinin bundan əvvəllki iki kitabı da oxucular tərəfindən maraqla qarşılanıb və sevilərək oxunub.

“Əqrəb” kitabında obrazların daxili sarsıntıları qabarıq şəkildə təsvir edilmişdi. Cinayətin səbəbi, obrazlar, hərəsinin ayrı bir həyat hekayəsi gözəl işlənmişdi. Müəllif bu yönünü daha da inkişaf etdirsə, gələcəkdə psixoloji roman yazmağa cəhd edə bilər. “Qarlar arasında ölüm”də isə cinayətin detalları və hekayənin qurğusu ön planda idi. Oxuduğum qatili olmayan ilk dedektiv kitab idi. “Bəyaz Şeytan” da ən az onlar qədər uğurludur. Dedektiv roman janrının belə yüksələn xətlə inkişafı bir oxucu olaraq məni çox sevindirir. Əmin olun ki, yerli ədəbiyyatımız birbaşa oxucuların qayğısı ilə yüksəlişə keçə bilər. Biz oxucular yerli müəlliflərə obyektiv yanaşsaq, təbliğ və tənqid edərək oxusaq, həmin yazıçıların yaradıcı yöndən məhsuldarlığına müsbət mənada təsir edə bilərik.

 

Aygün Ələkbərova

Bir şərh yazın

Kateqoriysı Ana Səhifə

Gələcəyin dili…

27500323_2026970890898453_5353965639386400845_o.jpg

Biz gələcəyə gəlib çatanda məlum olur ki, onun şəkli əvvəlcədən çəkilibmiş…
Bu sözlər filosof Əbu Turxana aid olsa da, buna bənzər bir çox fikir sadalamaq mümkündür. Haqqında danışacağım “Sənin həyat tarixçən” əsərinin ideyası da, tamamilə bu düşüncə üzərində qurulub.
1998-ci ildə nəşr olunan bu kitab, istifadə etdiyimiz dilin həyatımıza, dünyagörüşümüzə və gələcəyimizə birbaşa təsir göstərdiyindən bəhs edir. Ted Çana görə addımlamaqda olduğumuz yoldan daha əvvəl keçmişik bəlkə də. Lakin bunu anlamaq, gələcəyi xatırlamaq zamanı dərk etmə anlayışımızla ziddir. Bəs buna necə nail olmaq olar? Daha doğrusu, buna nail olmağın bir yolu varmı?
Zaman anlayışını düzxətli yox, dairəvi şəkildə qavramaq, qəbul etmək mümkündürmü? Mümkündürsə, bunu necə edə bilərik?
Dil…
Kitabda da işarə olunduğu kimi dünyanın ən güclü silahı və eyni zamanda insanlığın ən dəyərli xəzinəsi olan dil bu mümkünsüzləri gerşəkləşdirə biləcək gücə sahibdir. “Sənin həyat tarixçən” məhz bu “gücün” hekayisini təqdim edir bizə. Təqdim edir etməsinə amma, necə?
Hərhalda Ted Çan bəhs etdiklərimi elmi bir mətnlə anlatmağı seçsəydi bu əsəri oxumaq şansını bu qədər tez əldə edə bilməzdik.(ən azından mən edə bilməzdim) Kitabın bədii yükü dramatik yönü ilə o qədər gözəl işlənib ki, müəyyən bir başlığa və sonluğa sahib olmasa belə, sona ana qədər əsərin nəbzini yüksəkdə saxlamağı bacarır.
Biz Luizin hekayəsi ilə yanaşı gəlmə heptepodların dilini də öyrənməyə başlayırıq. Bunlar əsərin iki ana xətti olaraq tamamilə fərqli şeylər kimi görünsə də, bir-biri ilə düz mütanasib olaraq cərəyan edən hadisələrdir. Linqivistika üzrə mütəxəssis olan Luiz heptepodların ünsiyyət dili olan loqoqrammanın köməyi ilə gələcək ilə arasındakı qaranlığı aydınlığa qovuşdurur. Bəs, görəsən bilmədiyimiz bir planetdən gələn heptepodların dili vasitəsilə gələcəyə necə işıq tutmaq olar?
Müəyyən bir əlifbaya, hərfə, işarəyə, sıralamaya sahib olmayan bu dil müəyyən bir sözü yox, ümumilikdə bir ifadəni və ya cümləni anlatmağa xidmət edir. Mükəmməl bir ölçüyə sahib olan bu dili təsvir etmək olduqca çətindir. Sətrin hər iki tərəfindən yazmağa başlayan iki əl düşünün. Yazacağınız fikir o qədər dəqiq ölçülmüşdür ki, səhv etmə şansınız, sıfırdır. Sətrin 0,1 mm xaricinə çıxmaq, ya da o ifadəni(cümləni) həmin sətirə sığışdıra bilməmək ehtimalınız yoxdur.
İndiyədək izlədiyim filmlərin əksəriyyətində uzaylılar, gəlmələr pis niyyətli varlıq kimi təsvir olunurdu. İlk dəfə bu kitabda gəlmələr dünyaya zərər vermək niyyəti ilə yerə enməmişdilər. Onlar insanlığa bu dəyərli ərmağanı hədiyyə etmək istəyirdilər. Bəs, görəsən insanlıq bu hədiyyəni qəbul edə biləcək səviyyədədirmi?

Aygün Ələkbərova

 

Bir şərh yazın

Kateqoriysı Ana Səhifə

İşiquronun məğlub qəhrəmanları

Bioloqlara görə, Yer kürəsində fiziki və əqli cəhətdən ən yüksək inkişaf edən canlı insandır. Bu, üstünlük kimi qiymətləndirilsə də, bəzən insanlıq üçün ən böyük təhdid, təhlükə ola bilir. 
Nobel mükafatı laureatı, yapon əsilli Britaniya yazıçısı Kazuo İşiquro “Məni heç vaxt tərk etmə” romanını məhz bu təhdid və təhlükənin tükürpərdici detalları üzərində qurğulayıb, nəfis təhkiyəylə nəql edib. Əsər Heyşelm adlı internat məktəbində üç dostun (Rut, Tomi, Keti) uşaqlıq xatirələrilə başlayır. Hadisələr irəlilədikcə həmin qorxunc təhdidin fərqinə varırıq. Aydın olur ki, buradakı şagirdlər donor kimi yetişdirilir. “Sizin həyatınız öz ixtiyarınızda deyil. Siz böyüyəndən sonra qocalmağa, hətta orta yaşa çatmağa macal tapmamış həyati orqanlarınızı başqalarına verməyə başlayacaqsınız. Hər biriniz bu məqsədlə yaradılmısınız. Siz videolarda gördüyünüz aktyorlar kimi deyilsiniz, heç mənim kimi də deyilsiniz. Siz bu dünyaya müəyyən məqsədə görə gəlmisiniz və sizin gələcəyiniz, bununla bağlı hər şeydən əvvəlcədən qərarlaşdırılıb”.
Onlar gələcəkdə orqan transplantasiyası üçün nəzərdə tutulmuş klonlardan fərqsizdirlər. Məhz bundakı incə fərq, yazıçının usta qələmi, yalın, sadə, amma çox təsirli dililə özünü birüzə verir. Romanın diqqət çəkən tərəflərindən biri də odur ki, İşiquro obrazlarının hissi yönlərini xüsusilə gizlətməyə çalışır. Fikir və düşüncələri, psixoloji və ruhi sarsıntıları, dilə gətirmədikləri əzabları azacıq aralı qalmış pərdə arxasından sızan günəş işığını xatırladır. O pəncərinin arxasında qızmar, parlaq günəşin varlığını hiss edirik, amma heç vaxt görə bilmirik. 347 səhifəlik kitabda o şagirdlərin hislərini, həyəcanlarını tam anlamıyla aydınlaşdıra bilmirik. Və burada kitabın ötürməyə çalışdığı bəşəri mesaj gün üzünə çıxır.
İnsan hər hansı məqsəd üçün dibçəkdə böyüyən bitki kimi yetişdirilə bilərmi?
Həyatdakı yeganə misiyası başqa insanların xilasedicisi olmaq, ən başlıca vəzifəsi bədənini, fiziki sağlamlığını qorumaq olan şagirdlər bütün dünyadan təcrid edilməklə düşünməkdən, xəyal etməkdən, taleyini dəyişməyə can atmaqdan xali ola bilərmi? Bunları həyata keçirə biləcək sistem mövcuddurmu? Daxili dünyamız, ruhumuz, mənəviyyatımız olmasa, neçə faizimiz insan sayılır?
 photostudio_1530268531944
Olduqca həssas nüanslara toxunan əsər ilk səhifədən sonadək sorğulamağa davam edir. Bəzən bu davamlı sorğu oxucunu yorur. Lakin hər dəfəsində daha qarmaşıq dilemanın astanasında tapırsan özünü. Fərqində olmadan heç vaxt düşünmədiyin bəşəri sualları cavablayırsan.
Kitabın maraqlı tərəflərindən biri də bu oldu ki, üç dost arasındakı ciddi mübahisələrdən sonra bir-birlərindən uzaqlaşıb, üz döndərmirdilər. İlk baxışda bu, sədaqətli, möhkəm dostluqdan xəbər verirmiş kimi görünür. Lakin eyni halın dəfələrlə təkrarlanması (xüsusilə də Rutun etdiyi haqsızlıqlar) və Ketin bir səhnədə “Onlar mənim ailəmdirlər” deməsi pazlın əskik hissəsini tamamladı sanki. Həqiqətdə onlar bir-birlərindən başqa heç kəsləri olmadığı üçün çox şeyi bilərəkdən görməzdən gəlirdilər. Qohumluq əlaqələri olmasa da, onları birləşdirən yaşanmışlıqların sarsılmaz gücüydü. Buna görə bir-birlərindən keçmirdilər.
Ket və Tominin Madamla və Miss Emili ilə görüşündə həyəcanımı boğmaqda çətinlik çəkirdim. Tominin nəzəriyyəsinə o qədər ürəkdən inanmışdım ki, yaşadığım xəyal qırıqlığı ən az onunku qədər üzücü idi. Bitkiyə su, gübrə, istilik, işıq verib, böyütmək, sonra da  yarpağını, ləçəyini, budağını qoparıb götürmək, yaşadığı torpağını əlindən almaq və ona əslində heç vaxt köklərinin olmadığını,  heç bir yerə aid olmadığını, “Vəzifən bitdi, artıq heç nəyə gərək deyilsən, ölümünü gözlə” demək. Heyşelmli şagirdlərin taleyi bundan ibarət idi. Həyatlarının hərəkət trayektoriyaları cızılmışdı. Tərbiyəçilər şagirdlərin bu alın yazısına qarşı çıxacaqlarını belə gözləmirdilər. Məhv etdikləri həyatların fərqində olmadan müqəddəs hesab etdikləri işlərinə soyuqanlıqla davam edirdilər.
Sevindirici haldır ki, belə əhəmiyyətli mövzunu dilimizdə oxumaq şansımız var. 2005-ci ildə nəşr olunan bu əsər bestsellerlər arasında ilk onluqda qərarlaşıb.
Orijinaldan tərcüməni son zamanlarda keyfiyyətli işləri ilə tanınan “TEAS Press” Nəşriyyatı həyata keçirib. Gözəl tərcüməyə görə İlahə Əkbərə minnətdaram. Belə həssas mövzulu əsərlərin nəşri cəmiyyətimizin fərqindəliyinin inkişafına xidmət edir.
Distopiya, dram, elmi-qurğu, azca romantika-nə axtarsanız, var bu kitabda. Kitab bitdikdən sonra Heyşelm kimi yerin mövcud olub-olmadığını araşdırdım və heç nə tapa bilmədim. Buna görə də çox sevindim…
Aygün Ələkbərova

Bir şərh yazın

Kateqoriysı Ana Səhifə

Atların qamçılanan azadlığı…

Atların qamçılanan azadlığı…34687485_2088587918070083_8464937089337655296_o

19-cu əsrdə yaşamış Ann Syuell İngiltərəmin Norflok qəsəbəsində dünyaya gəlib və sonradan ailəsi ilə birlikdə Londona köçüb. O on dörd yaşında sinir sisteminə bağlı əzələ iflici keçirir və ömrünün sonundək bu xəstəliklə yaşayır. Yazıçı səyahət etməyi sevdiyi üçün ailəsi ona kiçik fayton təsis edir. Bu sayədə Syuell yatağa bağlı qalmaqdan xilas olur. Başqa sözlə desək, atlar onun ayaqları olur…
Təəssürat yazılarında müəlliflə bağlı geniş məlumat vermək hər zaman etdiyim bir şey deyil. Lakin bu kitab və Ann Syuell üçün məmnuniyyətlə istisnaya yol verdim. Çünki kitabın mövzusu birbaşa müəllifin həyatı ilə əlaqəlidir.Hətta o bir yerdə Anna adlı gözəl qız obrazı da yaradıb. Ömrünün böyük bir hissəsini atlarla birgə keçirdiyi üçün onların ağır güzəranını bütün insanlara anlatmaq istəyib. Syuell yazırdı ki, “Məqsədim insanlarda atlara qarşı qayğı və mərhəmət hissləri oyatmaq, fərqindəlik yaratmaqdır”. O, yeganə əsəri olan “Qara Köhlən”i həyatının son illərində qələmə alır. Hətta deyilənə görə xəstəliyi ağırlaşdığı üçün kitabın bəzi hissələrini müəllif şifahi şəkildə deyir, anası yazıya köçürür. Kitab yayımlandıqdan 5 ay sonra Syuell həyata gözlərini yumur. “Qara Köhlən” böyük səs-küyə səbəb olur və 50 milyon nüsxə satılaraq klassiklər arasına düşməyi bacarır.
Kitab mağazasında ilk olaraq kitabın adı diqqətimi çəkdi. Üz qabığına nəzər saldıqda məğrur bir at siması ilə qarşılaşdım. At çox gözəl idi, amma, gözlərindəki kədəri görməmək mümkün deyildi. Tərəddüd etmədən aldım. Yaxşı ki, də aldım…
Bəzi kitablar vardır ki, uşaqlıqdan bəri bildiyin, öyrəndiyin dəyərləri, düşüncələri möhkəmləndirər, gücləndirər. Bəziləri də var ki, səni bildiyin şeylərə başqasının gözü ilə baxmağa sövq edər. Bu kitab mənim üçün ikincilərdən oldu…
“Qayışın nə demək olduğunu sən bilmirsən, amma əmin ol ki, dəhşətli şeydir. Başımı dik tutmağı özüm də xoşlayıram, di gəl saatlarla belə gəzmək dözülməzdir. Boynunu döndərə bilmirsən. Elə ağrıyır ki, hər yerin zoqquldayır. Üstəlik, ağzında bir yox, iki dəhnə olur. Mənimki iti idi, dilimi, ağzımın içini yara eləyirdi. Qan axıb, kəndiri də qızardırdı. Ən pisi də o idi ki, bəzən saatlarla sahibəmizin hansısa əyləncədən çıxmasını gözləməli olurduq. Bir balaca hövsələsizlik eləsən, kürəyinə qamçı dəyirdi. Bu isə dəli olmağa bəs edirdi.”
Nə vaxtsa hansınızsa bunları düşünübsünüzmü? Atların hisslərinin olduğunu, ağrıdıqlarını, yorulduqlarını, qayışa, gözlüyə, qamçıya nifrət etdiklərini ağlınızdan keçiribsinizmi?
Bu kitabda biz Qara Köhlənin diliylə bütün atların çəkdiyi əzab-əziyyətlərə şahid oluruq. Ağıllı, həlim və xoşxasiyyət bir at olan Qara Köhlən çox yerlər gəzir, yaxş ya da pis müxtəlif insanlarla qarşılaşır. Getdiyi əksər yerlərdə insanların heyvanlara qarşı zorakılığına şahid olur.
“Axşam yazıq Skay küçüklərini gətirdi. Onlardan qan axırdı, zəngildəyirdilər. Hamısının quyruqlarını kəsmişdilər. Yaraşıqlı qulaqları daha yox idi.
Görəsən, niyə insanlar sərt görünsün deyə öz uşaqlarının qulaqlarını kəsmirlər? Niyə onların burunlarının uclarını kəsmirlər ki, cəsur görünsünlər? İnsanlar başqalarının hisslərini də nəzərə almalıdırlar. Onların nə ixtiyarı var Tanrının yaratdığı canlının formasını dəyişib, ona əzab-əziyyət versinlər?”
Biz insanlar ətrafımızdakı canlıları şəxsi əşyamız və ya malımız kimi qəbul edirik.
Bu sətirləri içim ürpərərək oxudum. Heyvanların bu cür istismarını onların dili ilə oxumaq ürək ağrıdıcı idi. Atların başlarına qayış, gözlərinə gözlük bağlanması, qamçılanması insan övladının hələ də vəhşi olduğuna dəlalət edir. Və acınacaqlısı da odur ki, bu sadaladıqlarımın hamısı insanlar üçün sıradan və normal şeylərdir. Hətta bu qrupda da belə, bu yazını oxuyub ” Hə, nə olsun, atdı da. Ata qamçı vurarlar. Bu qədər şişirtməyin” şəklində düşünənlər olacaq. Amma əgər siz bu kitabı oxusanız, onların dünyasına boylansanız necə əziyyyət çəkdiklərini anlayacaqsınız. Başa düşəcəksiniz ki, heç bir at bizə xidmət etmək üçün yaranmayıb.
Kitabın toxunduğu həssas nüanslar indiki kitab sektorunda ehtiyac duyulan mövzulardan biridir. Bu baxından 3 alma nəşriyyatını təbrik etmək olar. Sırf uşaq ədəbiyyatı üçün çalışan nəşriyatlar mənim üçün həmişə bir addım öndədir. Orjinal adı “Black Beaty” olan “Qara Köhlən ” uşaqlar üçün olduqca əhəmiyyətli əsərlərdəndir. Bu kitabı uşaqlara oxutdurmalı, onlarda canlılara qarşı fərqindəlik yaratmalıyıq ki, bəlkə gələcəkdə heyvanların istismarına son qoya bilək. Axıcı hekayəsi, rəvan dili ilə heç yormadı bu kitab məni. Tərcüməsi də uğurludur. Bu mənada uşaqlarınız üçün əla seçimdir deyə bilərəm. Kitab əsasında çəkilmiş cizgi filmi də var. Arzu etsəniz izləyə bilərsiniz.
Ürəyində canlılara qarşı azacıq da olsa, qayğı, mərhəmət və sevgi olan hər kəs əminəm ki, bu kitabı təsirlənmədən bitirə bilməz. Heç bir canlının istismar olunmadığı bir dünya diləyi ilə hər kəsə xoş mütaliələr! 

 

Ələkbərova Aygün

Bir şərh yazın

Kateqoriysı Ana Səhifə

Sevinc ELSEVƏR- “Donu qırmızı” (Fariz Bayramov

donuq

Sevinc Elsevər – “Donu qırmızı”

Müasir ədəbiyyatımızın ən yaralı yerlərindən biri məhz uşaq ədəbiyyatıdı və mən bunu vurğulamaqdan heç zaman yorulmayacam. Təbii ki, əgər o yaranın sağaldığı günü görmək nəsib olarsa daha vurğulamaram.  Gərçi ədəbiyyatımızın özü başdan-ayağa yaralıdı, amma bu həqiqətdir ki, dahi Üzeyir bəyin də dediyi kimi, ayağı nərdivana bir-bir qoymaq gərəkdir.  İndidən uşaqları həyata, elmə və ədəbiyyata düzgün yönləndirə bilsək, zamanla normal gəncliyimiz də yetişəcək, nəticə etibarilə cəmiyyətimiz də… Bu yolda atılacaq olan addımlardan biri də əlbəttə ki, uşaq ədəbiyyatı və ya uşaqların anlamaq qabiliyyətinin yetəcəyi “doza”da olan ədəbiyyatın inkişafıdır. Oxumağa davam et

Bir şərh yazın

Kateqoriysı Ana Səhifə, Kitab

Arzuların gerçək olduğu əsər – İlahə Eldarqızı yazır

hgMəncə, insanın arzusu daha tez yerinə yetir, nəinki məqsədi. Məqsədin içində hiyləgərlik, başqasına özünü göstərmək, başqasına “mən buyam” demək var. Oxumağa davam et

Bir şərh yazın

Kateqoriysı Ana Səhifə, Dünya ədəbiyyatı

Tofiq Mahmud Uzaqda ucalan dağları yazarkən elə Bəhruz fırçası qədər uğurlu bir rəsm tablosu yaradıb.

Əlim telefonun ekranında hərflərin üzərində nə yazım,necə yazım deyə fikirləşirəm.Sonra da öz-özümə nəyi fikirləşirsən ki? Fikirləşdiyini yox,hiss etdiklərini yaz,gözlərindən axan yaşları güclə saxlamısan,heç olmaya ürəyinə mane olma hiss etdiklərini bölüşməyə…
Məncə insanlar elə əvvəldən ya xoşbəxt,ya da bədbəxt doğularlar.Yəni sonradan qazanılmış xoşbəxtlik ya da bədbəxtlik deyə bir şey yoxdur. Bəlkə də bu fikir ümidsizlik kimi səslənə bilər,amma reallıq özü acı deyilmi?!
Erkən yaşdan anasını itirib yetimlik statusunu qazanan Bəhruz artıq bədbəxtliyinin ilkin pillələrinə qədəm qoymuşdu.Sonra bu bədbəxtlik natamam sevgi pilləsi ilə davam edib ruhuna nüfuz etdikcə,bir yandan da rəssamlıq sənətində xoşbəxtliyə yaxınlaşdırdı.

14732315_1800630933532451_844933425930096540_n

 

Yaşadığı hər acı, hər iztirab ona sənətində başqa bir uğur,sevinc bəxş etdi.Hər uğursuzluq mütləq bir uğur gətirər dedikləri hər halda Bəhruz həyatında özünü göstərirdi.Amma sənətindəki bu şöhrət,uğur ona yetdimi?Alışıb yanan sənət eşqi Nazlı eşqini ovuda bildimi? Ümumiyyətlə,Bəhruzun seçim haqqı olsaydı görəsən şəxsi həyatdakı xoşbəxtliyimi istərdi yoxsa sənətindəki uğuru? Nazlı eşqiylə sənət eşqi arasında seçim etməli olsa hansını seçərdi?
Tofiq Mahmud Uzaqda ucalan dağları yazarkən elə Bəhruz fırçası qədər uğurlu bir rəsm tablosu yaradıb bu əsəri ilə… Əsəri oxuduqca yazarın təsvirləri heç də rəssamın tablolarından geri qalmırdı.Heç vaxt görmədiyim,olmadığım Naxçıvan,ordakı məcid,evlər,dağlar, ən əsası Bəhruzun ağacı gözüm önündə canlı tablo kimi görsənirdi.Hələ ayrı-ayrı insan talelərindəki acılar, dərdlər elə qələmə alınmışdır ki,bilmirdim Bəhruzun natamam eşqi Nazlıya, divanə bədbəxt həyat yoldaşı Hürnisəyə, sadiq sevgili Afərə, Bəhruzu anlaya bilən tək qadın Narınca,yoxsa Bəhruzun sənətinə bir od-alov gətirən Zibaya acıyım?
Gündəlik həyatımızda qaçqın ifadəsi o qədər adi,bəsit bir şeyə çevrilmişdi ki, əslində qaçqınlığın nə demək olduğunu,onun insanlara verdiyi maddi-mənəvi əziyyətini yazarın sayəsində hiss edib ordakı qaçqın uşaqlarla bərabər susadım,acıdım,üşüdüm,hətta Reyhan kimi bir gün qardaşıma qovuşacam deyə ümidi hiss etdim…
Əsərdə 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində yaşayıb,maarifçilik üçün işlər görən maarifpərvərlərlə Bəhruz həyatı arasındakı bağlılığın göstərilməsi sanki əsəri daha çox canlı boyalarla oxucuya çatdırırdı.
Hər kəsin oxuduğu kitabda xüsusən təsirləndiyi, günlərlə təsirindən çıxmadığı bir səhnə yaxud bir dialoq olar.Bu kitabda isə məni kövrəldən bir çox səhnələr oldu.Amma dialoqlar içərisində ən çox təsir edəni isə Bəhruzun sərgisinə gizli gedən Hürnisənin sonradan bunu ona dedikdə Bəhruzun mən niyə axı səni orda görmədim sualına Hürnisənin “Bəhruz,sən məni heç zaman görmədin” cavabı…
Sonda yaşanan ən böyük bədbəxtliyinsə mənim ən sevdiyim 7 rəqəminin olduğu tarixdə baş verməsi də bir ayrı təsir etdi.
Bu kitabı göz yaşları ilə bitirdiklərini deyənlərin bəzən şişirtdiklərini düşünürdüm və bu gün düşüncəmdə yanıldığımın şahidi olub, bu düşüncəmə görə sadəcə utandım… Zatən bu kitabı oxumayan bir çoxları hazırda bu yazını oxuduqca elə mənim də şişirtdiyimi düşünəcəklər.Bir insanın yaşadıqlarını yaşamadan hiss etdiklərini hiss edə bilmədiyimiz kimi bir kitabı da oxumadan onun oxucusuna nə yaşatdığını hiss edə,anlamamız mümkün deyil.
Göz yaşlarımızın yalnız oxuduğumuz kitablarda axması diləyi ilə xoş mütaliələr.

 

 

Tərlan Rüstəmova

Bir şərh yazın

Kateqoriysı Ana Səhifə

Mən 1945-ci ilin may ayında ölmüşəm, sən isə lap əvvəldə ölmüsən, atan səni tərk edəndə

Frederic Beigbeder – Una və Selincer

Bu kitab haqqında həmişə yaxşı rəylər görmüşəm. Uzun müddətdir planımda olsa da, əvvəl Selinceri tanımaq sonra oxumaq istədim. Ona görə Çovdarlıqda Uçurumdan Qoruyandan sonra oxudum. Qanun nəşriyyatda nəşr olunan kitabın tərcüməsi yaxşı idi. Yazarın da üslubu ilə çox axıcı bir mətn idi. Beigbeder haqqında adətən bir önyarqı var. Ama deməliyəm ki, bu çox sağlam bir kitab idi.

16386962_1119332854841919_9106351625888161608_n
Əsərin əsas qəhrəmanları yazıçı Selincer, dahi aktyor Çarli Çaplin və onun xanımı Unadır. Müharibə öncəsi Amerika, ümidsizlik, 14-16 yaşlı varlı adamların valideyin qayğısı görməyən qızlarının doldurduğu gecə həyatı. Və bu şəraitdə tanış olan iki gənc – gələcəyin böyük yazıçısı 20 yaşlı Selincer və nobel mükafatlı Yucin Onilin 14 yaşlı qızı Una belə bir şəraitdə tanış olur.
Kitab boyu mən bu iki insanın arasında böyük eşqi hiss etmədim. Onlar yolları kəsişən və bir-birində dərin izlər qoyan iki qeyri-adi insan idi. Həm də maraqlı insanlar.
Oxuduqca baxırsan ki, ikinci dünya müharibəsinin ərəfəsindəki o gəncliyin çalxantıları ilə üçüncü dünya müharibəsinin ərəfəsindəki biz gənclərin duyğuları paralelləşir.
Duyğusal boşluq, tətmin edilməyən hisslər, valideyin qayğısından məhrumiyyət. Yazıçı bir yerdə belə bir şey qeyd etmişdi 21 əsr özünə ata axtaran “yetim” qızlar və mehribanlıq axtaran qoca kişilərlə doludu. Bu mənə Merlin Manronun bioqrafiyasından bir şeyi xatırladır. Orda qeyd edilirdi ki, Merlin ilk əri Joeya yazdığı məktublarında ona atacan deyə müraciət edirmiş. Xatırladım ki, Beigbeder də belə qızlardan birinin “atasına” çevrilib. Həyat yoldaşı Lara ondan 25 yaş kiçikdi. Bəlkə bu romanı da o ümidlə yazıb. Una və Çaplin kimi uğurlu nigaha olan ümidi ilə.
Gənc Selincer fikirləşincə, tərəddüd edincə, götür-qoy edincə öz duyğusal ehtiyacını bilən, atasının yoxluğunda dar ağacındakı kimi sallanan Unanın özündən 38 yaş böyük olan Çaplində huzurlu, təmin olunmuş ata tapması çox təbii idi. Elə o dərin uçurum olan intihara hər yaxınlaşanda bir uşaq doğub-8 uşaq.  Və mən Unanın Çaplinə duyduğu sevgiyə bir an belə şübhə etmirəm. Düzü böyük yaş fərqi olan cütlüklərə dəmaraq göstərirəm. Hər qadın yaşının hansısa dönəmində çox böyük yaşda bir kişinin təsirinə düşür. Bəzilərində bəsit simpatya halında qalsa da, bəzilərində eşqə çevrilir. Bu o qadının qayğı, sevgi, qorunma və ata ehtiyacından asılıdır.
Kitabın digər qismi və məni daha dərindən vuran qismi ikinci Dünya müharibəsi ilə bağlıdı. Beigbeder həm müharibəni çox gerçək lövhələrlə təsvir edib. Həm də maraqlı məlumatlar verib. Beigbederin backgraundunda jurnalistika var və bu onun həm informasiya ötürməsinə, həm də ikinci dünya müharibəsində müttəfiq qüvvələrinə tənqidi yanaşmasına yardım edir. Özəlliklə vətəni Fransaya qarşı edilənlərə nə qədər yandığı bəlli olur.
Mühribədən bəhs edən hissələr məni çox ağlatdı. Bəzi yerlərdə kitabı örtüb sakitləşməyi gözlədim. Əsir düşərgəsində yemək yeyib ölmə faktından sonra Selincerin bir ömür daşıdığı postravmatik əsgər sindromunun nə demək olduğunu anladım. Çovdarlıqdakı uşaqlar kimi əsgərlərini də uçurumdan qorumağa çalışan zavallı Selincer…
Velhasıl kəlam, oxuyun, oxutdurun. Çox gözəl kitabdı. Hələ ilin əvvəlində olsaq da bu ilin favoritləri siyahısına düşdü.

Arzu Məmmədova

Bir şərh yazın

Kateqoriysı Ana Səhifə

QANDAL VURULMUŞ ARZULARIN QİYAMI

 

“İnsanın yaratdıqları onun haqqında çox şey deyir. İnsan dünyanı necə görmək istəyirsə, bu istək onun davranış və münasibətində də o cür əks olunur, insan özü də o cür görünür; burada insanın ən kiçik əhəmiyyətsiz görünən hərəkətləri, onun sifətinin çox vaxt özünə də məlum olmayan, qeyri-adi, qeyri-ixtiyari, ani dəyişən ifadəsi düzgün nəticə çıxarmağa kömək edə bilər”.

16177634_1846080998987444_8720185987754829983_o

Lakin Striklendin yaratdıqları da, dünyanı necə gördüyü də insanlara olan münasibəti də, içindəki o məşum ehtiras da, istək də çox fərqli idi.
Normal bir həyatı olan, maddi vəziyyəti yaxşı, iki uşaq atası, cəmiyyət tərəfindən pərəstiş edilən, ideal və sadiq bir həyat yoldaşına sahib qırx yaşında bir kişinin hər şey yolunda ikən ailəsini və uşaqlarını tərk edib getməsinə səbəb nə ola bilər sizcə?
Əslində bu çox da baş sındırmalı sual deyil. Heç düşünməyə belə dəyməz deyirsiniz? Başqa bir qadın? Ya da daha azad, daha rahat, daha gözəl bir həyat? Daha çox pul?
Yox, yanıldınız!
Cavab bütün cəmiyyətlərin əxlaq qanunlarına, mənəvi və mental dəyərlərinə görə heç bir qəlibə sığamayacaq qədər cılız və çox gülüncdür bəlkə də. Bəli axmaqlıqdır. Həm də axmaqlıqların ən böyüyü!
İncəsənət!
Yaratmaq ehtirası, anlatmaq, təsvir etmək, özünü ifadə etmək cəhdi…
Striklend qiyam etmişdi. Qandal vurduğu arzularının qiyamı idi bu. O başqa cür hərəkət edə bilməzdi. Ona seçim şansı verilməmişdi. O sadəcə ilahi bir misiyanı tamamlamaq yolunda idi. Çünki onun ruhu da, bədəni də başqa bir amala xidmət edirdi. Sıradan insanlar kimi monoton, xoşbəxt bir yaşayıb, uşaqlarını böyüdüb, təhsil verib, ailə qurmaqlarına şahid olub, baba olub ölə bilməzdi. O məhz belə bir şəkildə sona çatmalı idi.
O Blanşla yaşaya bilməzdi. Çünki o da ms. Striklend kimi özünə sığınacaq bir liman axtarırdı. Gerçək Çarlzı görmürdü, görə bilmirdi. Yalnız Stroyov bunun fərqində olduğu üçün, onun dahiliyini hiss etdiyi üçün ona nifrət etməyi bacarmırdı.
Bu yolda onun nə Stroyova yazığı gələ bilərdi, nə də Blanşa rəhm edə bilərdi. Onu özü kimi qəbul edən, mühakimə etməyən insanlar əhatəsində yaşaya, yarada bilərdi. Uzun sürən çətinliklərdən sonra öz ünvanını Taiti adasında tapdı. Çünki nə London, nə də Paris onun gerçəklərini daşıya bilməzdilər. Bu gedişlər onu varmaq istədiyi mənzilə və xoşbəxtliyinə çatdıracaqdı.
Bu kitabın oxucuları ya Striklendi axmaq hesab edəcək, ya da onu dahi adlandıracaqlar. Onu qınayanlar, tənqid edənlər əlbəttə ki, haqlıdırlar. Amma Striklend cəmiyyət üçün, əxlaqi normalar və ailə dəyərləri üçün dünyaya gəlməmişdi. O dahi idi. İçindəki Striklendi kəşf etmək yolunda sıradan insanlar kimi davranmağı qəribə olardı. Əgər onu anlamadınızsa, bu haqda çox düşünməyin. Çünki dahiləri hər kəsin anlaması gərək deyildir. Göl kənarındakı ağacda yuva qurmuş bir quş yumurtası ağacdan düşüb, təsadüfən timsah yumurtalarına qarışıbsa, yumurtalardan balalar çıxanda o quşdan uçmasını yox üzməsini tələb etmək nə qədər yanlış olardısa, Striklendi də Londonakı ailə həyatına həbs etmək o qədər absurd olardı.
İçindəki bu ehtiras, yaratmaq eşqi olmasaydı mən onu bədbəxt hesab edə bilərdim. O yaxşı olan bütün insani keyfiyyətlərdən məhrum idi. Laqeydlik, vecsizlik, sevgidən, mərhəmətdən, vicdandan məhrum biri bədbəxlərin ən böyüyüdür. Lakin Striklendi içindən bəsləyən, bütün sadaladığım duyğuların boşluğunu dolduran, varlığına hakim kəsilən daha güclü bir qüvvə var idi. O yalnız bununla ayaqda dururdu, yaşayırdı, yıxılmırdı, vazkeçmirdi. Çətinliklər, aclıq, səfalət ona təsir etmirdi. O bu fövqaladə gücdən qidalanırdı. Hər aclığını, hər yoxsulluğunu bununla doydururdu. Onun dahiliyini yalnız ölümündən sonra anladılar. Ancaq buna baxmayaraq bir çoxunun bacarmadığı bir xoşbəxtliyə sahib olub, sonra getdi…
Azad getdi…
Arzularına sehrli fırçası ilə qanad verib getdi…
O bu dünyadan xoşbəxt getdi…
Əgər siz də bu fövqalədə obrazı(Pol Qoqeni) tanımaq istəyirsinizsə, mənim kimi oxumaqda gecikməyin. Tez oxuyun. Kitabı oxumağıma vəsilə olan (yazıları ilə) dostlarıma və kitabın sahibi Pərimə təşəkkür edirəm.

Aygün Ələkbərova

Bir şərh yazın

Kateqoriysı Ana Səhifə